Budapeşt şəhərində Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyası keçirilib

20.07.2020

Macarıstanın paytaxtı Budapeşt şəhərində Ermənistanın hərbi təxribatına etiraz, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə aksiya keçirilib.

Qəhrəmanlar Meydanında gerçəkləşdirilən aksiya "Qardaşlıq" Macar-Azəri Dostluq Cəmiyyəti, Macarıstan-Azərbaycan Gənclər Birliyi və Budapeştdəki Azərbaycan evinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan diasporunun və Türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər. Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünə son!" "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!" və s. şüarlar tutan aksiya iştirakçıları Tovuz cəbhəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Mitinqdə çıxış edənlər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf 7 rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu, ermənilərin xalqımıza qarşı Xocalı kimi dəhşətli soyqırımı törətdiyini, dövlət sərhəddində yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyduğunu bildirərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün işğalçı Ermənistanı cəzalandırmağa çağırıblar.

Aksiya bəyanatın oxunması, yerli sakinlərə hadisələri əks etdirən broşürlərin paylanması və media orqanlarına müsahibələrin verilməsi ilə başa çatıb.