Vyanada Ermənistanın hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib

19.07.2020

İyulun 18-də Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq aksiya keçirilib.

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ("Azeri-DER") təşkilatçılığı ilə Vyana Opera Teatrının önündə baş tutan etiraz aksiyasında soydaşlarımız, türk diasporunun təmsilçiləri, tanınmış iş adamları və media mənsubları iştirak ediblər.

Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış “Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!”, “Ermənistan BMT qətnamələrini icra etməlidir!”, “Biz yalnız beynəlxalq hüquqla bizim olan torpaqları geri istəyirik!”, "Qarabağ Azərbaycandır!" şüarları tutan mitinq iştirakçıları tədbiri Azərbaycanın dövlət himnini səsləndirməklə açıblar.

Sonra Ermənistanın hərbi təxribatları nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən "Azeri-DER"in rəhbəri Yardım Günəş bildirib ki, etiraz aksiyalarını keçirməkdə məqsədləri Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Son təxribatları Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi adlandıran "Azeri-DER"in rəhbəri dünya ictimaiyyətini rəsmi Yerevanın əməllərini qətiyyətlə pisləməyə, işğalçı ordunun Azərbaycan torpaqlarını azad etməsini tələb etməyə çağırıb.

Tədbir aksiya iştirakçılarının adından bəyanatın səsləndirilməsilə yekunlaşıb. Sənəddə Azərbaycanın dövlət sərhəddində Ermənistan tərəfindən törədilən hərbi təxribatlar pislənilib, beynəlxalq təşkilatlardan işğalçı Ermənistana təzyiqlər göstərməklə regionda ədaləti və sülhü bərqərar etmək tələb olunub.