Beynəlxalq ictimaiyyətə "Müharibəyə yox” çağırışı edilib

18.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Dünya ictimayətinə çağırış: Müharibəyə yox” mövzusunda ingilis dilində videokonfrans keçirilib.
Virtual tədbirdə 9 müxtəlif ölkədən – Azərbaycan, Türkiyə, Gürcüstan, ABŞ, Fransa, Böyük Britaniya, Polşa, Macarıstan və Bangladeşdə yaşayan soydaşlarımız və xarici qonaqlar iştirak ediblər.

Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov giriş sözü ilə tədbiri açaraq, iştirakçıları salamlayıb. Sonra Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində baş vermiş erməni təxribatı barədə ətraflı məlumat ingilisdilli auditoriyanın nəzərinə çatdırılıb.

Onlayn tədbir ABŞ-da yaşayan insan hüquqları üzrə vəkil və milli təhlükəsizlik təhlilçisi İrina Tsukermanın moderatorluğu ilə aparılıb. İki il bundan öncə Azərbaycana səfəri haqqında təəssuratlarını bölüşən moderator yerli əhalinin sülhsevər, qonaqpərvər, səxavətli və acıq ürəkli xüsusiyyətlərə malik olmasından, Cocuq Mərcanlı kəndini ziyarət etməsindən, Azərbaycan hökumətinin kənddəki həyatı canlandırmaq üçün dağıdılmış ərazidə yeni evlər inşa etdiyindən, həmin bölgədən Ermənistanın işğalı altında saxlanılan bəzi əraziləri müşahidə edə bildiyindən, yüz metrdən az məsafədə erməni snayperlərinin hərəkət etdiyinə şahid olduğundan danışıb. Müşahidələrinə əsaslanan moderator qeyd edib ki, Ermənistan tərəfindən törədilən açıq-aşkar təcavüzkarlıq hələ də davam edir, BMT-nin Dağlıq Qarabağ münagişəsinə dair 4 qətnaməsi yerinə yetirilmir, nəticədə dinc əhali uzun illərdir haqsızlıq və ədalətsizlikdən əziyyət çəkir. O, beynəlxalq birliyi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həll edilməsinə cağırıb.

Tədbirdə Azərbaycan diasporunun və xarici ölkələrin tanınmış şəxsləri – Əbülfəz Bahaduri, İrada Axundova, Adela Naibova, Ulviyya Tağızadə, Murad Aslan, Abbas Babayev, Samuel Kliger, Mühterem Öz, Marzia Rahman Mumu, Selçuk İnan, Hana Mosavi, Yusuf Seyret Aktan və Ilgar Bozarqanlı çıxış ediblər. Onlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yolverilməz və qəbuledilməz təcavüzünün dünyaya çatdırılması, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münagişəsinin sülh yolu ilə həll edilməsi barədə fikir mübadiləsi aparıblar.

Tədbir xalqımızın dünya birliyi qarşısında qaldırdığı 5 tələbin bir daha diqqətə çatdırılması ilə yekunlaşıb. Həmin tələblərə BMT-nin Dağlıq Qarabağ münagişəsinə dair 4 qətnaməsinin icrası, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması, beynəlxalq təşkilatların və BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi tanıması, Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməsi daxildir.