Rusiyada yaşayan soydaşlarımız təcavüzkar Ermənistana qarşı tədbirlər görülməsinə çağırış edib

17.07.2020

Moskvada Qarabağ həqiqətlərinin təbliği və Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində törətdiyi növbəti hərbi təxribata həsr olunmuş dəyirmi masa keçirilib. Rusiyada fəaliyyət göstərən Azərbaycan İcmalarının Konfederasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif milli diaspor təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov bildirib ki, hadisələr zamanı hərbi təxribatın qarşısı alınıb və ermənilərin bütün cəhdləri boşa çıxıb. O, qeyd edib ki, Azərbaycan diaspor təşkilatlarının adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya, ölkədəki siyasi partiyaların sədrlərinə müraciət ünvanlanıb. Sənəddə təcavüzkar ölkə olan Ermənistana qarşı tədbirlər görülməsinə çağırış edilib.

Akademik bildirib ki, Rusiyadakı diasporumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xarici siyasətini bəyənir və tam dəstəkləyir.

Tədbirdə professor Kamran Rüstəmov, "Vatandoş" regionlararası özbək təşkilatının sədri Usman Baratov, Moskvadakı regional tatar milli-mədəni muxtariyyətinin sədri Ənvər Xusainov, "Soqlasiye" milli-mədəni muxtariyyətinin sədri Vitali Şiroçenko çıxış ediblər.

Kamran Rüstəmov bütün dünyanın dəhşətli virusla mübarizə apardığı bir dönəmdə sərhəddə təxribat törədən, Azərbaycan tərəfindən güclü və layiqli cavab alan Ermənistanın bu münaqişəyə iri regional dövlətləri, o cümlədən Rusiya Federasiyasının tərkibinə daxil olan Şimali Qafqaz Respublikalarını, eləcə də ABŞ kimi qeyri-regional dövləti cəlb etməyə çalışdığına, Ermənistan hökumətinin müxtəlif orqanlarında fəaliyyəti Soros fondu tərəfindən maliyyələşdirilən 1000 ABŞ vətəndaşının işlədiyinə diqqəti cəlb edib.

Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirən Usman Baratov özbək xalqının ölkəmizin ərazü bütövlüyünü dəstəklədiyini bildirib. Ənvər Xusainov isə Azərbaycan xalqını dəstəklədiklərini və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini vurğulayıb.

Videozəng vasitəsilə dəyirmi masaya qatılan Tacikistan, Pakistan, Belarus və Qırğızıstan diaspor təşkilatlarının təmsilçiləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid etdiklərini bildiriblər.