Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzün dünya birliyinə çatdırılması yolları müzakirə edilib

15.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Ermənistan ordusunun Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzünün dünyaya çatdırılması” mövzusunda videokonfrans keçirilib.

Virtual tədbirdə 12 müxtəlif ölkədə – Azərbaycan, Türkiyə, ABŞ, İtaliya, Niderland Krallığı, Polşa, İsrail, Oman, Pakistan, Rusiya, Belarus və Nigeriyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın 60-dan çox nümayəndəsi, soydaşlarımız, məcburi köçkünlər və xarici qonaqlar iştirak ediblər.

Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədovun tədbiri giriş sözü ilə açmasından sonra Tovuz istiqamətindəki dövlət sərhədində baş vermiş erməni təxribatı nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri və görüşün moderatoru Sevinc Əlizadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan çox uzaqda olan Azərbaycan–Ermənistan sərhədində hərbi təxribat törətməsi yolverilməz və qəbuledilməzdir. Bildirib ki, artıq işğalçı dövlətin durdurulmasının, beynəlxalq birliyin təcavüzkar Ermənistana sərt sanksiyalar tətbiq etməsinin, torpaqlarımızın dərhal və qeyd-şərtsiz azad edilməsinin vaxtı çatıb.

Tədbirdə Azərbaycan diasporunun tanınmış simaları – Aygün Attar, Mayisə Ağamirzəyeva, Şamil Sabiroğlu, Təvəkkül Əliyev, Fərid Məmmədov, Billurə Bayramova, Eldar Əliyev, Minarə Quliyeva, Turan Manafzadə, Vüsalə Yusif, Qaiser Navab, Tehrim Fatimə Qızılbaş, Ramin Seyidov, Vüsal Qarayev, Ayaz Əzizov, Emin Rüstəmov, Fariz Vəliyev, Ruslan Məmmədli və Əsmər Nəsirova çıxış ediblər. Natiqlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzünün dünyaya çatdırılması, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münagişənin sülh yolu ilə həll edilməsi barədə fikir mübadiləsi aparıblar.

Tədbir xalqımızın dünya birliyi qarşısında qaldırdığı 5 tələbin bir daha diqqətə çatdırılması ilə yekunlaşıb. Həmin tələblərə BMT-nin Dağlıq Qarabağ münagişəsinə dair 4 qətnaməsinin icrası, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması, beynəlxalq təşkilatların və BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi tanıması, Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməsi daxildir.