İstanbulda yaşayan soydaşlarımıza dəstək davam etdirilir

13.07.2020

Türkiyənin İstanbul şəhərində kompakt şəkildə məskunlaşmış və COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklərlə üzləşmiş aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə yardım aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə baş tutan aksiya İstanbulda fəaliyyət göstərən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin (ATMD) təşkilatçılığı ilə gerçəkləşdirilib. 1990-cı illərdən İstanbulda məskunlaşan 350-yə yaxın ailəyə (ümumi sayı 1000 nəfərdən çox) yardım göstərilib. Onlara hər ailənin tərkibinə uyğun olaraq, fərdi ehtiyaclarını qarşılamaq məqsədilə, Türkiyənin “Metro” mağazalar şəbəkəsinə məxsus alış-veriş kartları paylanılıb.

Aksiya zamanı çıxış edən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin sədri Aygün Həsənoğlu və başqaları dövlətimiz tərəfindən xaricdə yaşayan, o cümlədən qardaş Türkiyədəki həmvətənlərimizə göstərilən qayğı və diqqətin əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, bu addımlar soydaşlarımızın dövlətimizə, ölkə prezidentinə olan inamını daha da artırır. Yeni növ koronavirus pandemiyasının Türkiyədəki soydaşlarımıza mənfi təsirlərinin azaldılması və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə xeyriyyə aksiyalarının bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

Aksiya iştirakçıları Dövlət Komitəsinin dəstəyini təqdir etdiklərini, bu cür təşəbbüslərin həmvətənlərimizin bir daha dövlətimizə, ölkə prezidentinə olan inamını daha da artırdığını bildiriblər. Onlar xaricdə yaşayan soydaşlarımıza həssas münasibət sərgiləyən Azərbaycan dövlətinə və rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə İstanbul şəhərində keçirilən növbəti aksiyadır. Bu il mayın 22-də də Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış ünvanlı siyahı əsasında, İstanbulda fəaliyyət göstərən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin təşkilatçılığı ilə, şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 350-ə yaxın ailəyə (ümumi sayı 1000 nəfərdən çox) yardım göstərilib. Beləliklə, Dövlət Komitəsinin hər iki xeyriyyə aksiyası İstanbul şəhərində yaşayan 700 ailəni və yaxud 2500 nəfərdən çox soydaşımızı əhatə edib.

Xatırladaq ki, İstanbul şəhərinin bir neçə rayonunda kompakt və qeyri-rəsmi şəkildə məskunlaşmış azərbaycanlıların problemləri dövlətimizin diqqət mərkəzindədir və bu çətinliklərin həlli istiqamətində addımlar atılır. Bu il martın 16-da Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da daxil olduğu işçi qrupun həyata keçirdiyi fəaliyyət nəticəsində 18 nəfər soydaşımıza Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqələri verilib və bu istiqamətdə işlər davam etdirilir.