Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasından iki il ötür

07.07.2020

6 iyul 2020-ci il tarixdə diaspor təşkilatlarının və üzvlərinin fəaliyyətinə dəstək verilməsi, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin təmin edilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasından iki il ötür.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmış Fondun elektron sistemində, hal-hazıradək, 112 diaspor təşkilatı və 98 fiziki şəxs qeydiyyatdan keçib. Bu günədək təşkilatların təqdim etdiyi 92 layihədən 44-ü, fiziki şəxslərin təqdim etdiyi 53 layihədən 17-i maliyyələşdirilib. Fondun fəaliyyətinin daha geniş miqyasda tanıdılması və məlumatlılığın artırılması məqsədilə 20-dən çox ölkədə təqdimatı keçirilib.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor fəaliyyətinə cəlb edilməsi Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən biri də Azərbaycan diasporunun gənc nümayəndələrinin yay düşərgəsi layihəsi çərçivəsində bir araya gətirilməsidir.

Diaspor Gənclərinin “Cümhuriyyətin 100 illiyi” adlı I Yay düşərgəsi 2018-ci ildə Şəki şəhərində, “Nəsimi -650” adlı II Yay düşərgəsi isə 2019-cu ildə Şamaxı şəhərində təşkil edilib.

Azərbaycan Diasporuna Dəstək Fondu Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, peşəkar və güclü diaspor fəaliyyəti ilə bağlı bilik və səriştənin artırılması, diaspor gənclərinin yerli, milli və beynəlxalq səviyyədə təbliğat, siyasət və qərar qəbuletmə strukturlarında iştirak potensialının artırılması məqsədilə Avropada yaşayan gənclər üçün Belçika Krallığında fəaliyyət göstərən Avropa institutları və beyin mərkəzlərində təcrübə proqramı təşkil edib. Bu istiqamətdə atılan digər bir addım isə 2 fevral – Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşünün keçirilməsidir. “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” üzrə mövzuların yer aldığı tədbirdə ABŞ-dan Çinə qədər geniş coğrafi ərazini əhatə edən 60 nəfər azərbaycanlı gənc iştirak edib.

Bütün dünyada yayılan COVİD-19 pandemiyası dövründə Fond müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən ünvanlanan müraciətlərə əsasən maddi yardımlar həyata keçirib, “Biz birlikdə güclüyük” adı altında virtual intellektual oyun və konsert proqramları təşkil edib.

28 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə “Mühacirlər” layihəsi reallaşdırılıb. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların həyat və fəaliyyətləri haqqında hazırlanan videoçarxlar Fondun sosial şəbəkə hesabları üzərindən yayımlanıb.

Azərbaycan Diasporuna Dəstək Fondu, yaradılma məqsədinə və verilmiş tapşırıqlara uyğun olaraq, gələcəkdə də dünya azərbaycanlılarının şəbəkələşməsi, vahid platforma üzərində cəmləşməsi istiqamətində layihələri davam etdirəcəkdir.