“Azərbaycan diaspor gənclərinin peşəkar şəbəkəsi” layihəsi təqdim olunub

03.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə “Azərbaycan diaspor gənclərinin peşəkar şəbəkəsi” layihəsinin onlayn açılış mərasimi keçirilib. Virtual tədbirə müxtəlif ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Almaniya, Niderland Krallığı, Çili, Cənubi Koreya, Belorusiya, Fransa və s.) fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və xarici qonaqlar qatılıblar.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov qonaqları salamlayıb və yeni layihədən danışıb. Qeyd edib ki, Dövlət Komitəsinin təşəbbüsü ilə bu ilin iyul ayından “Azərbaycan diaspor gənclərinin peşəkar şəbəkəsi” layihəsinin reallaşdırılmasına qərar verilib. Məqsəd – Azərbaycan diasporunun müxtəlif peşə sahibləri olan nümayəndələrini bir platforma ətrafında birləşdirmək, onların milli kimliyi ilə baglılığını artırmaq, peşəkar kimi təcrübə və biliklərini bölüşməyə təşviq etmək, gənclərimizin mütəxəssis kimi uğurlarını dəstəkləmək və tarixi vətənləri ilə əlaqələrini gücləndirməkdən ibarətdir.

Daha sonra İsraildə dövlət və yəhudi diasporu arasındakı əlaqələri möhkəmləndirmək, diaspor üzvlərinə yerli cəmiyyətlə tanış olmaq imkanını yaradan “Birthright İsrael Excel” layihəsinin rəhbəri İdit Rubin təqdimatla çıxış edib. Təmsil etdiyi layihədən ətraflı danışan qonaq tədbir iştirakçılarının suallarını da cavablandırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərova isə “Azərbaycan diaspor gənclərinin peşəkar şəbəkəsi” layihəsini təqdim edərək, onun tarixi, məqsədləri və istiqamətləri barədə ətraflı məlumat verib.

Tədbir ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru Aleksandr Səlimovun Xocalı faciəsinin qurbanlarına həsr etdiyi “Ходжалы – Память» musiqi kompozisiyasının səsləndirilməsi ilə davam edib.

Tədbirin ikinci hissəsində müxtəlif sahələrdə çalışan tanınmış diaspor nümayəndələri – Əhməd Obalı, Səadət Qarayeva, Fərid Əhmədli, Yaşar Musayev, Əbülfəz Bahaduri, Şəhriyar Nəsirov, Aleksandr Səlimov, Natiq Bağırov, Tural Həsənov, Rəşad Əliyev, Nurlan Yusifov, Esmira Bayramova, Lalə Mustafayeva və Günel Səfərova çıxış edərək peşə seçimində əldə etdikləri nailiyyətlərdən danışıblar və karyera seçimində gənclərə tövsiyələrini veriblər.
Qeyd edək ki, tədbir sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.