Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş videokonfrans təşkil edilib

23.06.2020

İyunun 20-də məcburi köçkünlərin və diaspor gənclərinin iştirakı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş videokonfrans təşkil edilib. Virtual tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov açıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünyada yayılması üçün Dövlət Komitəsinin, Azərbaycan diaspor təşkilatlarının və fəallarının gördüyü işlər barədə ətraflı məlumat verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Nazilə Alməmmədova və Azərbaycan Diaspor Gənclərinin Çində yaşayan koordinatoru, əslən Cəbrayıl rayonundan olan Cavid Əliyarlının moderatorluğu ilə davam edən tədbirdə işğal altında olan rayonlarımızı təmsil edən məcburi köçkünlərin bir qrupu çıxış edib. Onlar münaqişənin ilk illərində yaşanan çətin və ağrılı vəziyyətdən, dövlətimizin bu prosesin yüngülləşdirilməsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar. Natiqlər Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətindəki ardıcıl və məqsədyönlü fəaliyyətini dəstəklədiklərini bildiriliblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağır şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığını və fəaliyyətini xatırladan natiqlər göstərilən həssas münasibətə və diqqətə görə dövlətimizin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.

Videokonfrans iştirakçıları xaricdə yaşayan soydaşlarımızın və məcburi köçkünlərin bu sahədə birgə fəaliyyətinin əhəmiyyətindən danışaraq, konkret layihələr ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan diasporunun ABŞ, Hollandiya və Nigeriyadan olan üzvləri bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində həm özlərinin, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat veriblər və hər iki Komitəyə bu cür görüşləri təşkil etdiyinə görə təşəkkürlərini bildiriblər.

Sonda diaspor təşkilatları ilə məcburi köçkünlər arasında əlaqələrin daha da gücləndirilməsi üçün gələcəkdə bir sıra tədbirlərin, o cümlədən virtual görüşlərin keçirilməsi təqdir olunub.