Üçrəngli bayrağımız Torontonun mərkəzində ucaldılıb

02.06.2020

Kanadanın Ontario əyalətində fəaliyyət göstərən azərbaycanlı icması Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirib.

İcmanın təşəbbüsü ilə mayın 27-28-də Toronto Mərkəzi Meydanında ucaldılan üçrəngli bayrağımız Kanada səmalarında dalğalanıb. Yeni növ koronavirus pandemiyası fonunda, bu ölkədə də ictimai yerlər müvəqqəti qapadılsa da, Toronto meriyası pandemiya dövründə qüvvədə olan qaydalara əməl olunması şərtilə Azərbaycan bayrağının Toronto Mərkəzi Meydanında ucaldılması aksiyasının keçirilməsinə razılıq verib.

Torontoda və ümumiyyətlə Kanadanın müxtəlif bölgələrində yaşayan həmvətənlərimiz meydanda keçirilən ikigünlük aksiyaya dəvət olunub. Soydaşlarımız Şərqdə ilk dünyəvi və demokratik dövlətin məhz Azərbaycanda yaranması ilə qurür duyduqlarını ifadə etməklə, ailə üzvləri ilə birlikdə Azərbaycan bayrağı ilə şəkillər çəkdirib 28 May – Respublika Gününü qeyd ediblər.

Eyni zamanda, Ontario azərbaycanlıları icmasının təşkilatçılığı ilə gənc soydaşlarımız şəxsi avtomobillərindən Azərbaycan bayraqları asaraq şəhərdə avtomobil yürüşü keçiriblər.