“Beynin qazanma proqramı”nda soydaşlarımızın Azərbaycanda təhsil imkanlarından bəhs edilib

31.05.2020

“Beyin qazanma proqramı” çərçivəsində “Xaricdə yaşayan azərbaycanlılar üçün təhsil imkanları” mövzusunda Azərbaycan Dövlət Pedagoji Universitetinin və ADA Universitetinin video təqdimatları keçirilib.

Tədbirlərdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiya üzrə prorektor Asəf Zeynalov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və universitetinin tələbəsi Aysel Sadıqova, ADA Universitetinin “Tələbə qəbulu və qeydiyyat şöbəsi”nin mütəxəssisi Elşad Göyüşov iştirak ediblər.

Virtual tədbirlər zamanı hər iki universitetinin fakültələri, ixtisaslar və qəbul qaydaları haqqında ətraflı məlumat verilib, təqdimatlara qoşulan iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Videotəqdimatlar https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün ölkə universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsi, eyni zamanda xarici ölkə vətəndaşı olan soydaşlarımızın Azərbaycan Universitetlərində təhsil almalarına imkan yaradılmasından ibarətdir.