Niderlandın Oistervijk şəhərində 28 May tarixi “Azərbaycan Günü” elan edilib

30.05.2020

Niderland Krallığının Brabant əyalətinin Oistervijk şəhərində 28 May tarixi “Azərbaycan Günü” kimi qeyd edilib.

Şəhər meri Hans Janssenin rəsmi qərarı əsasında Azərbaycanın ücrəngli bayrağı Oistervijk şəhər meriyası, eləcə də bir sıra dövlət və inzibati binaların qarşısında ucaldılıb.

Bu önəmli hadisənin baş tutması Niderlanddakı Brabant əyaləti Azərbaycanlıları Məclisinin təşəbbüsü və Avropa Azərbaycanlıları Konqresinin (AAK) dəstəyi ilə mümkün olub. AAK prezidenti Sahil Qasımova ünvanlandığı rəsmi məktubunda meri Hans Janssen xalqımızı və Avropada yaşayan azərbaycanlıları Şərqdə ilk dəfə qurulan dünyəvi və demokratik quruluşa malik Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə təbrik edib. O, dost Azərbaycan xalqına əmin-amanlıq arzulayıb.

Xatırladaq ki, Brabant əyalətinin Oistervijk şəhəri Niderlandın Milli Qəhrəmanı, Medo ləqəbi ilə tanınmış soydaşımız Məmməd Məmmədov üçün ikinci vətən olub. Uzun illər bu şəhərdə yaşayan və burada da dəfn edilən cəsur soydaşımızın faşizmə qarşı mübarizəsi unudulmur. Onun xatirəsi qədirbilən niderlandlılar tərəfindən əbədiləşdirilib, şəhərin küçələrindən birinə M.Məmmədovun adı verilib və onun şərəfinə burada xatirə lövhəsi həkk olunub.