Niderlandakı diasporumuz Azərbaycanda 100 aztəminatlı ailəyə yardım edib

26.05.2020

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporunun təşkil etdiyi “Qəlbimiz sizinlədir-2!” xeyriyyə aksiyası çərçivəsində əldə edilən maddi yardım Ramazan bayramı ərəfəsində Azərbaycandakı aztəminatlı ailələrə çatdırılıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, “Odlar yurdu” Niderland-Azərbaycan Birliyinin təşkilatçılığı və DiasporPress İnformasiya Mərkəzinin dəstəyi ilə baş tutan xeyriyyə aksiyasına Niderlandda yaşayan çoxsaylı soydaşlarımız qatılıblar. Əldə olunan vəsaitin yeni növ koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda müvəqqəti çətinliklərlə üzləşmiş insanlara Ramazan bayramı hədiyyəsi olaraq göndərilməsi qərara alınıb.

Aksiya çərçivəsində əldə edilmiş vəsaitlər bayram sovqatları, tibbi ləvazimatların alınması və tibbi əməliyyatların keçirilməsi məqsədilə 100 ailəyə, eləcə də səhhətində ağır problemlər olan 14 nəfərə birbaşa ünvanlarında təqdim olunub. Vəsait Şamaxı şəhərində 60, cəbhə xəttində yerləşən kəndlərdə 40 ailəyə və 14 nəfərə çatdırılıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, “Odlar yurdu” Niderland-Azərbaycan Birliyi və DiasporPress İnformasiya Mərkəzi ölkəmizdən kənarda yaşayan, lakin Vətənin uzaqda olmadığını əməlləri ilə sübut edən, bu çətin günlərdə “Qəlbimiz sizinlədir!” aksiyasına fəallıqla qoşulan bütün soydaşlarımıza minnətdarlığını bildirib.