ABŞ-ın daha iki ştatında 28 May tarixi “Azərbaycanın Milli Günü” elan edilib

22.05.2020

ABŞ-ın Florida Ştatının Aventura şəhər meri Enid Vaysman, Hallandeyl şəhərinin meri Coy Kuper və Kaliforniya əyalətindəki Torrans şəhərinin bələdiyyə sədri Patrik J.Furey 28 May tarixinin “Azərbaycanın Milli Günü” elan olunmasına dair Bəyannamə imzalayıb.

Hər üç bəyannamədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, İslam dünyasında ilk dəfə olaraq, dünyəvi və demokratik parlament respublikası olduğu, irqi və dini ayrı-seçkiliyə yol vermədiyi, universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olduğu, ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı, hər il milyonlarla azərbaycanlının, eləcə də 400 min azərbaycanlı mənşəli amerikalının bu bayramı qeyd etdiyi, hazırda Azərbaycan Respublikasının ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanıb.

Hallandeyl şəhərinin meri Coy Kuper ofisin digər rəsmiləri ilə birlikdə sakinlərlə mayın 20-də keçirdiyi virtual görüş zamanı Bəyannamənin mətnini oxuyaraq izləyicilərin diqqətinə çatdırıb. O, sənədi Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti Töhfə Eminovaya göndərdiyini söyləyib və təşəbbüsü üçün soydaşımıza təşəkkürünü bildirib.

Azərbaycanlıların Floridada yüksək fəallığını, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini vurğulayan, 2006-cı il oktyabrın 26-da təsis edilmiş Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu qeyd edən mer Hallandeyl şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının nailiyyətlərini birgə qeyd etməyə çağırıb.

Çıxışının sonunda C.Kuper bayram münasibətilə ABŞ-da yaşayan azərbaycanlı icmasının və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin birgə keçirəcəyi virtual tədbirə dəvətə görə təşəkkürünü bildirib və ofisinin də bu tədbirə qatılacağını qeyd edib.