“Beyin qazanma proqramı”nın növbəti videokonfransında sosial sistemlər nəzəriyyəsindən bəhs edilib

20.05.2020

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə “Sosial sistemlər nəzəriyyəsinə giriş” mövzusunda videokonfrans təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində gerçəkləşdirilən konfransda İsveçrənin Friburq Universitetinin Beynəlxalq hüquq bölümünün tədqiqatçısı Ramil Dursunov məruzə ilə çıxış edib.

Mühazirə zamanı sosial sistemlərin formalaşmasının tarixi və nəzəri əsasları, yanaşma metodları, müasir dövrdəkı inkişafı və s. haqqında ətraflı məlumat verilib.

İştirakçıların suallarının cavablandırılması ilə başa çatan videokonfrans https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin 2019-cu ildən etibarən həyata keçirdiyi “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün Azərbaycan universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin yaradılmasından ibarətdir.