Kayseridə azərbaycanlı ailələrə və tələbələrə dəstək göstərilib

13.05.2020

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu müvəqqəti çətinliklə üzləşmiş soydaşlarımıza ərzaq yardımı edib.

Kayseri Azərbaycanlı Tələbələr Birliyinin sədri Əlixan Məhərrəmli bildirib ki, öncə şəhərdə yaşayan aztəminatlı azərbaycanlı ailələrin və burada təhsil alan azərbaycanlı tələbələrin siyahısı müəyyənləşdirilib. Sonra isə zəruri ərzaq məhsullarının daxil edildiyi 92 bağlama hazırlanıb. Ərzaq bağlamaları 67 evə və tələbə yataqxanalarına çatdırılıb.

Birliyin rəhbəri qeyd edib ki, bu addım Azərbaycan dövlətinin Türkiyədəki vətəndaşlarına göstərdiyi diqqət və qayğıya dəstək məqsədi ilə atılıb. Humanitar aksiyanın keçirilməsində iştirak edən təşkilatlara minnətdarlığını bildirən birlik rəhbəri karantin müddətində imkan daxilində ehtiyacı olan azərbaycanlılara zəruri yardımın davam etdiriləcəyini bildirib.