İsveçdəki Azərbaycan diasporunun rəhbərləri ilə videomüzakirə aparılıb

12.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İsveçdə fəaliyyət göstərən diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə videokonfrans təşkil edilib.

Virtual konfransda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) İsveç üzrə əlaqələndiricisi İradə Əliyeva Södeberq, Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rəhim Sadıqbəyli, İsveç Azərbaycan Birliyinin (SAF) rəhbəri Sevda Dadaşova, Azərbaycan Naminə Cəmiyyətinin rəhbəri Nadir Hollenbrand, Ərk Cəmiyyətinin rəhbəri Səttar Sevigin, Odlar Yurdu Cəmiyyətinin rəhbəri Sevinc Bakılı, "Tumurcuq" Azərbaycan Dram Teatrının rəhbəri Sevinc Nəzərli, Skandinaviya AKŞ-nın İsveç üzrə eks-əlaqələndiricisi, yazıçı Eluca Atalı, eləcə də Dövlət Komitəsinin rəsmiləri Faiq Quliyev, Səlhət Abbasova, Elxan Səmədov və Zaur Salmanov iştirak ediblər.

Konfransda Skandinaviya AKŞ-nın İsveç üzrə əlaqələndiricisi İradə Əliyeva Södeberq koronavirus pandemiyası ilə əlaqədar həmvətənlərimizin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı çıxış edib. Daha sonra COVID-19 ilə bağlı yaranan vəziyyət müzakirə edilib. Müzakirələr zamanı iştirakçılar Azərbaycan dövlətinin və rəhbərliyinin xaricdə yaşayan və çətin duruma düşmüş soydaşlarımıza göstərdiyi maddi və mənəvi dəstəyi, Dövlət Komitəsinin müraciətlərə çevik reaksiyasını yüksək qiymətləndirərək, təşəkkürlərini bildiriblər.

Virtual konfransda İsveç Krallığında fəaliyyət göstərən diaspor təşkilatlarının postpandemiya dövründə nəzərdə tutulan tədbirləri haqqında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud şəraitdə xaricdə yaşayan soydaşlarımızla videokonfranslar keçirmək təşəbbüsünün təqdir olunduğu və konfransların davamlı olaraq keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.