Dövlət Komitəsində Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirilib

08.05.2020

Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin 28 ili tamam olur. Bununla əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçilərinin iştirakı ilə videokonfrans keçirilib.

Virtual tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar, İstanbul Türkiyə Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azərbaycan Təhsil və Kültür Dərnəyinin sədri Aygün Həsənoğlu, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Məmmədov, Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev, Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmir, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin üzvü, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurban, Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyinin rəhbəri Təbriz Cəfərov, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yakup Bulut, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi İdarə heyətinin üzvləri Ceyran Səttərova və Yusif Sadıqov, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Haqverdiyeva, Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyinin sədri Elşən Qəmbərov, Əskişəhər Konservatoriyasının kaman və piano müəllimi, Şuşanın tanınmış Zöhrabbəyovlar nəslinin nümayəndəsi Zemfira Zöhrabbəyova və “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”-nin Xətai rayon şöbəsinin sədri Fuad Salahov iştirak edib.

Tədbirdə Dövlət Komitəsinin nümayəndələri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin qlobal müstəvidə yayılması istiqamətində səyləri gücləndirmək diasporla iş sahəsində dövlət siyasətinin prioritetini təşkil edir. Münaqişənin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün digər mexanizmlərlə yanaşı, diaspor amili də mühüm əhəmiyyət kəsb edir.

Müzakirə zamanı diaspor təşkilatlarının təşəbbüsü ilə 2020-ci il fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsinin, qəbul olunmuş bəyanatların nüfuzlu beynəlxalq təşkilatlara, səfirliklərə, Avropa ölkələrinin parlamentlərinə və hökumətlərinə göndərilməsinin əhəmiyyəti vurğulanıb.

Konfrans zamanı Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının və vətəndaş institutlarının Ermənistanın işğalçı siyasəti, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və terror aktlarının ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdikləri işlər nəzərə çatdırılıb. Konfransda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti barədə müzakirələr aparılıb və bu sahədə daha mühüm addımların atılmasının vacib olduğu vurğulanıb.

Videokonfrans iştirakçıları koronavirus pandemiyası dövründə Türkiyədə yaşayan soydaşlarımızın həmrəyliyi barədə də fikir mübadiləsi aparıb və bu həmrəyliyi yüksək qiymətləndiriblər.

Dispor təşkilatlarının təmsilçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və hökumətinə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.