“Beyin qazanma proqramı” çərçivəsində onlayn konfrans təşkil edilib

08.05.2020

May ayının 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımının tanınmasında diasporun rolu” mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində baş tutan konfransda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar məruzə ilə çıxış edib.

O, tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və qondarma erməni soyqırımı haqqında danışıb, beynəlxalq ictimaiyyətə həqiqətin bəyan edilməsi istiqamətində Azərbaycan diasporunun fəaliyyəti barədə ətraflı məlumat verib.

Konfransda Azərbaycan həqiqətlərinin dünyada tanınması üçün xarici elm adamları və nüfuzlu qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq yaradılması, eləcə də bu mövzularda beynəlxalq konfransların keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Videokonfrans https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildən etibarən həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün Azərbaycan universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin yaradılmasından ibarətdir.