Gürcüstanda qısametrajlı film müsabiqəsi elan olunub

07.05.2020

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icma təşkilatlarına daxil olan "Era Teatrı" ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi əsasında qısametrajlı film müsabiqəsi elan edilib.

2020-ci ilin 27 may tarixi filmlərin müsabiqəyə göndərilməsi üçün son müddət kimi göstərilib. Bu tarixədək müsabiqəyə qatılmaq istəyənlər filmlərini erateatri@gmail.com ünvanına göndərə bilər.

Müsabiqənin şərtlərinə əsasən, istənilən mövzu və janrda olan filmin həcmi maksimum 3 dəqiqə olmalıdır. Müsabiqədə dini dəyərləri, etnik kimliyi və siyasi ideologiyaları hədəf alan mövzulara yer verilməyəcək. Layihəyə qədər sosial şəbəkələrdə paylaşılmış və ya plagiat olduğu aşkarlanan filmlər də müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqəyə yaşından aslı olmayaraq, “Era Teatrı”nın üzvü olmayan, hər bir Gürcüstan vətəndaşı qatıla bilər. Təşkilatçılar şəffaflığın təmin olunması üçün “Era Teatrı” üzvlərinin müsabiqəyə qatılmayacağını bəyan ediblər.

Qalib filmlər münsiflərin və izləyicilərin dəyərləndirilməsi ilə seçiləcək. Müsabiqənin birinci, ikinci və üçüncü yerlərini qazanan qaliblərə müvafiq olaraq 250, 150 və 100 lari dəyərində pul mükafatlarının verilməsi nəzərdə tutulub.