Şərqi Avropadakı diaspor rəhbərləri ilə videomüzakirə aparılıb

06.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Şərqi Avropa regionunda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin qatıldığı videokonfrans təşkil edilib.

Virtual konfransda "Çex Respublikasında Azərbaycan icması Cəmiyyəti"nin rəhbəri Eldar Vəliyev, Macarıstandakı "Azərbaycan Evi"nin rəhbəri, "Qardaşlıq" Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli, "Macarıstan-Azərbaycan Gənclər Birliyi"nin Szeged şəhəri üzrə nümayəndəsi Əliağa Ağayev, Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin rəhbəri Seyran Mirzəzadə, Polşada "Azərbaycan Evi"nin rəhbəri Lalə Zeynalova, Rumıniya Azərbaycanlıları Birliyinin rəhbəri Vaqif Həsənov, "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədov, Dövlət Komitəsinin rəsmiləri Səlhət Abbasova, Elxan Səmədov və Elvin Əsgərov iştirak ediblər.

COVID-19 pandemiyasının Şərqi Avropada yaşayan soydaşlarımıza təsirləri, qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Diaspor təşkilatlarımızın maddi çətinliklərlə üzləşmiş soydaşlarımıza yardımlar göstərməsi, təxliyə ilə əlaqədar olaraq Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan səfirlikləri ilə koordinasiyalı şəkildə çalışdıqları vurğulanıb.

Daha sonra sosial təcrid şəraitində diaspor təşkilatlarının fəaliyyəti və postpandemiya dövründə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Şərqi Avropada fəaliyyət göstərən Azərbaycan Koordinasiya Şuralarının əhatə etdiyi regionun spesifikliyinin nəzərə alınaraq, birgə fəaliyyət üçün hüquqi bazanın yaradılması, Azərbaycan həqiqətlərinin davamlı təbliği üçün yeni yanaşmaların tətbiqi mövzularında təkliflər səsləndirilib. Videokonfransların davamlı olaraq keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.