Niderlandda Azadlıq Günü qeyd olunub

06.05.2020

May ayının 5-də II Dünya müharibəsinin qələbə ilə başa çatmasının 75 illiyi münasibətilə Niderland Krallığının bir sıra şəhərlərində Azadlıq Günü (Bevrijdins Dag) qeyd edilib.

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovun təşkilatçılığı, DUFOA-nın (Azərbaycanın Niderlandlı Dostları) sədri Leyla Babayeva və Brabant Əyaləti Azərbaycanlılar Məclisinin sədri Ofelya Babayevanın iştirakı ilə bir qrup azərbaycanlı və niderlandlı gənc II Dünya müharibəsi zamanı müqavimət hərəkatında iştirak edən həmvətənlərimizin məzarlarını və abidələrini ziyarət ediblər.

Diaspor rəhbərləri və gənclər öncə Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) əziz xatirəsini yad ediblər.

Həmvətənimizin şərəfinə Brabant əyalətinin Oysterveyk səhərində ucaldılmış abidəsinin önünə əklil qoyulub, tər çiçəklər düzülüb, onun adının verildiyi Mamedovpad küçəsinə baş çəkilib.

Daha sonra sovet əsgərlərinin Amersfoort şəhərində dəfn olunduğu Leusden Qardaslıq Məzarlığı ziyarət olunub. Bu məzarlıqda 22 azərbaycanlı əsgər də dəfn olunub. AAK adından həm əsgərlərin şərəfinə ucaldılmış Qəhrəmanlıq Barelyefinin önünə əklil qoyulub, həm də 22 həmvətənimizin məzarları üzərinə tər çiçəklər düzülüb və ətrafında təzə çiçəklər əkilib. Tədbirlər karantin qaydaları çərçivəsində gerçəkləşdirilib.

AAK prezidenti Sahil Qasimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını və II Dünya müharibəsinin qələbə ilə başa çatmasının 75 illiyi münasibətilə təbriklərini Oysterveyk səhərinin meri Hans Jansena, Milli Qəhrəman Məmməd Məmmədovun qızı Nancy Doomen və digər ailə üzvlərinə çatdırıb.

Oysterveyk şəhərinin rəhbərliyi və Medonun ailə üzvləri isə II Dünya müharibəsinin qələbə ilə başa çatmasının 75 illiyi münasibətilə Azərbaycan xalqına, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbriklərinin çatdırılmasını rica ediblər.