Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızla videokonfrans təşkil edilib

02.05.2020

30 aprel 2020-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızla videokonfrans təşkil edilib.

Konfransda Estoniyada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı, Estoniya-Azərbaycan Tələbə Cəmiyyətinin həmsədri Musa Süleymanov, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının (AKŞ) Latviya üzrə koordinatorları Amil Səlimov və Elnur Rəhimov, Litva üzrə koordinatoru Nərmin Əliyeva, Dövlət Komitəsinin rəsmiləri Səlhət Abbasova və Elvin Əsgərov iştirak ediblər.

COVID-19 pandemiyasının Baltikyanı ölkələrdə yaşayan soydaşlarımıza təsirlərinin müzakirə edildiyi virtual tədbirdə Estoniya-Azərbaycan Tələbə Cəmiyyətinin sədri Musa Süleymanov, Baltikyanı AKŞ-nin Latviya və Litva üzrə koordinatorları Amil Səlimov və Nərmin Əliyeva çıxış ediblər.

Əsas diqqət Estoniya, Latviya və Litvada təhsil alan tələbələrimizin vəziyyətinə cəlb olunub. Maddi dəstəyə və təxliyəyə ehtiyacı olan tələbələr haqqında geniş məlumat verilib, bir qrup soydaşımıza yardım göstərilsə də, karantin dövrünün uzanması ilə əlaqədar bu şəxslərin sayının hər gün artdığı qeyd edilib. ″Aydan″ Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin və Estoniyada yaşayan azərbaycanlı sahibkarların maddi imkanları sayəsində müraciət edən soydaşlarımıza kömək edildiyi bildirilib.

Sonda görüş iştirakçıları mövcud vəziyyətdə Dövlət Komitəsinin xaricdə yaşayan və çətin duruma düşmüş soydaşlarımıza göstərdiyi maddi və mənəvi dəstəyi yüksək dəyərləndirdiklərini bildiriblər.