Azərbaycan Diasporuna Dəstək Fondu diaspor nümayəndələri ilə yeni musiqili layihəyə start verib

11.04.2020

Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 pandemiyası səbəbindən dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək və soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə konsert proqramlarının təşkilinə başlayıb. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin konsert proqramları Fondun facebook sosial şəbəkə səhifəsi (https://www.facebook.com/AzDiasporaFund/) üzərindən canlı yayımlanacaqdır.

İlk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı, Vyana Konservatoriyasının məzunu Karen Danger-Manafzadə aprelin 11-də Bakı vaxtı ilə saat 22:00-da çıxış edəcəklər. Qeyd edək ki, Abuzər Manafzadə dünyanın ən məşhur musiqi təhsili ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili almış ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə yiyələnib.

Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev isə aprelin 13-ü saat 18:00-da Paris şəhərindən konsert proqramı ilə çıxış edəcək. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan A.Quliyev fleytada ifa edəcək. Ağarəhim Quliyev dünyanın ən nüfuzlu beynəlxalq musiqi müsabiqələrindən biri olan “Qızıl açarlar” müsabiqəsində fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.

Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova aprelin 16-sı saat 22:00-da Nyu-York şəhərindən fortepiano ifası ilə çıxış edəcək. Qeyd edək ki, N.Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. O, bir çox beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti və Bakı Musiqi Akademiyasının dosentidir.

Aprel ayının 18-i saat 19:00-da isə tanınmış pianoçu Səidə Zülfüqarova Paris şəhərindən konsert proqramı ilə çıxış edəcəkdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Səidə Zülfüqarova bir çox milli müsabiqələrin qalibi olmaqla yanaşı, IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil alıb və Fransanın Dövlət Diplomuna layiq görülüb.

Proqram karantin müddətində davam edəcək.