İsrail mediası həmyerlimiz Sara Mirzəyevanı günün qəhrəmanı adlandırıb

30.03.2020

Hər dövrdə olduğu kimi, COVİD-19 mərhələsinin də öz qəhrəmanları var. Onlardan biri də İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.

"İsrael Hayom" qəzetinin yazdığına görə, şəhərin "Magen David Adom" təcili yardım xidmətində 5 ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.

Həmyerlimizi COVİD-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin "Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?" sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə qarşı-qarşıyadır: "Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyi hərəkətləri yerinə yetirmək üçün xüsusi güc böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə qarşı qarşıyadır. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil".

S.Mirzəyeva qeyd edib ki, ixtisası seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib: "İşimin öhdəsindən lazımınca gəlmək üçün daima oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə xüsusi güc verir. Həyat gözəldir! İnsanları sevərək, yardım edərək yaşamalıyıq".