Ukraynadakı Azərbaycan diasporu soydaşlarımıza dəstək məqsədilə operativ qərargah yaradıb

18.03.2020

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təmsilçilərinin Kiyev şəhərinin 17 nömrəli xəstəxanasında azərbaycanlı həkimlərlə birgə toplantısı keçirilib.

Tibb elmləri doktoru, professor Məmməd Bağırovun fəaliyyət göstərdiyi bu xəstəxanadakı toplantıda UABD sədri Hikmət Cavadov və sədr müavini Murad Cəfərov iştirak ediblər. Onlar gənc həkimlərlə koronavirus təhlükəsilə bağlı elan olunmuş karantin zamanı görülməli işləri müzakirə ediblər.

Martın 18-də isə UABD Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində toplantı keçirərək operativ qərargah yaradıb. Qərargahla əlaqə yaratmaq üçün qaynar xətt (+380 73 200 1112) fəaliyyət göstərir. Tələbələrimizin yaşadıqları yataqxanalarda Azərbaycan dilində asılmış xüsusi elanlarda qaynar xəttin nömrələri və digər maarifləndirici məlumatlar öz əksini tapıb.

Ölkədəki apteklərdə tibbi maska, əlcək və antiseptik məhlullar çatışmadığından UABD SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbərliyinə müraciət edərək, tələbələrimizin lazımi tibbi ləvazimatlarla təmin olunması məqsədilə yardım istəyib. Bu çağırışa müsbət reaksiya verən SOCAR-ın Ukrayna nümayəndəliyi operativ qərargaha 400 ədəd tibbi maska və 400 ədəd tibbi əlcək göndərib.

Martın 20-də baş qərargahda tibbi ləvazimatlar yataqxanalarda paylanılması üçün müxtəlif universitetlərdə təhsil alan tələbələrin nümayəndələrinə təqdim olunub. Bəzi tələbələrimiz ev karantinində olduğundan qoruyucu tibbi ləvazimatlar onların yaşadıqları ünvana çatdırılıb.

Kiyevdə yataxanadan çıxarılmış 6 tələbə martın 20-dən etibarən UABD tərəfindən xərcləri qarşılanmaqla hostelə yerləşdirilib. Otellərdə yer qalmadığından martın 23-də müraciət edən 30-a yaxın tələbəyə qərargahda yer ayırmaq qərara alınıb. Qərargahda Kiyev, Lvov və Xarkov şəhərlərindən təxliyyə olunmaq üçün 450-dən çox Azərbaycan vətəndaşının müraciəti qeydə alınıb.