Professor Zəhra Quliyeva Dövlət Komitəsinə və ABŞ-dakı diaspor təşkilatlarına təşəkkürünü bildirib

18.03.2020

Xəbər verdiyimiz kimi, martın əvvəllərində NyuYorkdakı Carnegie Hall-da keçirilən “Golden Classical Music Awards” adlı beynəlxalq müsabiqənin violin nominasıyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Osman Mustafazadə I yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyilə bu nüfuzlu müsabiqəyə qatılan gənc həmyerlimizin uğuru ölkəmizdə parlaq qələbə və mədəniyyət hadisəsi kimi dəyərləndirilir.

Open.az portalına müsahibəsində Xalq artisti, görkəmli violin ifaçısı və pedaqoqu professor Zəhra xanım Quliyeva bildirib ki, tələbəsinin iyirmi yaşlılar qrupunda birincilik qazanması, dünyada məşhur musiqi mərkəzi sayılan Carnegie Hall-da mükafat alması və qala konsertdə istirak üçün dəvət olunması çox qürurverici idi.

O, BMA və DİDK rəhbərliyinə, eləcə də Nyu Yorkda fəaliyyət göstərən diaspor təşkilatlarına minnətdarlığını bildirib: "Məsələnin ikinci bir tərəfi bizim bu müsabiqədə iştirakımız üçün maliyyə mənbəyinin tapilması idi. Mən, xüsusi olaraq iki nəfər görkəmli ictimai xadimə, BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cənablarına dərin təşəkkürümü bildirmək istərdim. Həmin şəxsiyyətlərin bizim layihəmizi hər tərəfli dəstəkləməsi məsuliyyətimizi bir qədər də artırdı".

Z.Quliyeva Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarımızın tələbəsini dəstəklədiyinə diqqəti cəlb edib: "Amerikada fəaliyyət göstərən müxtəlif diaspora təşkilatları bizim iştirakımızdan xəbərdar idilər. Mən xüsusilə görkəmli musiqiçi, milli orqan sənətini Amerikada və bütün dünyada layiqincə təmsil edən, bir sözlə, olduqca vətənpərvər xanım Cəmilə Cavadova-Spitsberqin adını çəkmək istərdim. O, Dallasdan Nyu-Yorka bizə dəstək olmaq üçün gəlmişdi. Cəmilə xanımın diaspora təşkilatları ilə əlaqəsi, vətəninin mədəniyyətinin təbliği üçün gördüyü işlər hamıya bəllidir. Qala konsert zamanı zalda mən çoxsaylı diaspora üzvlərini gördüm".

Müsahibəni daha ətraflı şəkildə bu linkdən oxumaq olar:

https://open.az/art/carnegie-hall-sehnesinde-genc-ifacimizin-qelebesi-xalq-artisti-professor-zehra-quliyeva-ile-musahibe.html