Arxangelskdə Novruz bayramı təntənə ilə qeyd olunub

14.03.2020

14 mart 2020-ci il tarixində Rusiyanın Arxangelsk vilayətində Novruz bayramı münasibətilə təntənəli mərasim keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və region hökumətinin dəstəyilə gerçəkləşdirilən tədbiri Arxangelsk vilayətinin Azərbaycan diasporu təşkil edib. Tədbirdə yerli hakimiyyət orqanlarının, ictimaiyyətin, diasporun nümayəndələri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən vilayətin Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov Novruz bayramının yaranma tarixindən, bu bayramın insan və təbiətin yenilənməsi, xalqlar arasında mənəvi əlaqələrin möhkəmləndirilməsi və ümumi dəyərlərin qorunub saxlanılmasının rəmzi kimi qeyd olunmasından danışıb.

Vilayətin qubernatoru İqor Orlov bayram münasibətilə soydaşlarımızı təbrik edərək, bu gözəl bahar bayramının birlikdə keçirilməsinin xoş ənənəyə çevrildiyini, Pomorye torpağının burada yaşayan xalqları bir araya gətirdiyini, Azərbaycan diasporunun şimalda ən güclü icmalardan biri olduğunu nəzərə çatdırıb.

Qeyd edilib ki, son illərdə vilayətin Azərbaycanla münasibətlərinin genişlənməsində və dərinləşməsində, yerli sakinlərlə və dövlət orqanları ilə müxtəlif sahələrdə əməkdaşlığın daha məhsuldar olmasında diasporun böyük rolu var. İqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlıq haqqında imzalanan müqavilənin və onun gerçəkləşdirilməsi üzrə tədbirlər planının yeni ideya və layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.

Tədbir Azərbaycanın xalq artisti Samir Cəfərovun, milli mahnı və rəqs qrupunun çıxış etdiyi konsert proqramı ilə yekunlaşıb.