İsrailli 3 həmvətənimiz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə layiq görülüb

04.03.2020

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası idarə heyətinin üç təmsilçisi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə layiq görülüb.

Assosiasiyasının təşəbbüsü ilə Yerusəlim şəhər rus kitabxanasında təşkil olunan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və Bakıdan gələn qonaqlar iştirak ediblər.

Tədbirdə bildirilib ki, fizika-riyaziyyat elmləri namizədi, fantastik əsərlər müəllifi Pavel Amnuel, yazıçı Batsion Abramova (psevdonimi – Bəsti Qəlbinur) və kinorejissor, ssenari müəllifi Efim Abramov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçüblər. Lakin o dönəmdən 30 il keçsə də, onlar tarixi Vətənlərini unutmur, boya-başa çatdıqları, təhsil aldıqları, mütəxəssis kimi yetişdikləri respublika ilə əlaqələrini itirmirlər.

Bakı Kitab Mərkəzinin rəhbəri, yazıçı Günel Anarqızı, Milli Məclisin deputatı Rauf Əliyev və şairə Leyla Bəyim onlara vəsiqələri təqdim edərək, yeni yaradıcılıq uğurları arzulayıblar.