Türkiyənin Düzce şəhərində Xocalı şəhidləri anılıb

04.03.2020

Türkiyənin Düzce Universitetində "Xocalı: Qar Üstünə Qan Yağdı" adlı anım tədbiri keçirilib. Tədbir Düzce Universiteti Türk Dünyası Birliyinin təşkilatçılığı, eləcə də Düzce Alperen Ocakları və Düzce Beynəlxalq Tələbə Dərnəyinin dəstəyi ilə gerçəkləşdirilib.

Mərasimdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən azərbaycanlı tələbə-gənclər təşkilatlarının ilk dəfə bir araya gələn liderləri də iştirak ediblər. Onların arasında Düzce Universiteti Türk Dünyası Birliyinin sədri Saqi Nəbiyev, Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyinin sədri Vüqar Nəsirov, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay, Manisa Azərbaycanlı Tələbələr Birliyinin sədri Coşqun İsmayılov və Kocaeli Azərbaycanlı Tələbələr Birliyinin sədri Akif Katano olub.

Tədbirdə çıxış edən Düzce Universiteti Türk Dünyası Birliyinin elmi məsləhətçisi Ayhan Nuri Yılmaz və digərləri Xocalı soyqırımını bütün insanlığa qarşı dəhşətli cinayət adlandıraraq, bu cür faciələrin təkrarlanmaması naminə türk dünyası gənclərini birləşməyə, dünya dövlətlərini və beynəlxalq təşkilatları Xocalı soyqırımına siyasi və hüquqi qiymət verməyə çağırıblar.

A.C.Kıtay birlik rəmzi olaraq S.Nəbiyevə İranda yaşayan azərbaycanlıların "Tractor Azerbaijan" komandasına aid olan və üzərində Azərbaycanın tarixi torpaqlarının xəritəsi əks olunan şərf hədiyyə edib.