Vyanada Xocalıya ədalət tələb olunub

03.03.2020

Avstriyanın paytaxtı Vyana şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş aksiya keçirilib.

Şəhərin mərkəzindəki Ştefansplats meydanında gerçəkləşdirilən aksiyanı Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi ("Azer-DER") təşkil edib. Aksiya iştirakçıları üzərində “Xocalıya ədalət!” şüarı yazılmış böyük plakatı əllərində tutmaqla meydandan keçən insanların diqqətini cəlb ediblər. Burada qurulan köşədə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış informasiya materialları və almanca vərəqələr yerli sakinlərə təqdim olunub. Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə matəm rəmzi olaraq qərənfillər paylanıb.

Aksiyaya maraq göstərən insanlara Ermənistanın işğalçı siyasəti, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylər barədə danışılıb.

Tədbir zamanı "Azer-DER"in rəhbəri Yardım Günəş çıxış edərək, Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədildiyini qeyd edib, dünya ictimaiyyətinin bu faciəyə obyektiv siyasi-hüquqi qiymət verməsinin və soyqırımı törədənlərin cəzalandırılmasının vacibliyini bildirib.

Sonda Xocalı soyqırımı barədə bəyanat səsləndirilib. Bəyanatda Avstriya parlamentinin Xocalı soyqırımı ilə bağlı öz mövqeyini bildirməsinə və bu bəşəri cinayəti pisləməsinə çağırış edilib.