Türkiyənin Bartın şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

03.03.2020

Bartın Ülkü Ocaqlarının və Bartında fəaliyyət göstərən Azərbaycan Gənclik Təşkilatının birgə gerçəkləşdirdikləri tədbirdə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Bartın Ülkü Ocaqlarının rəhbəri Duran Iğıl və Azərbaycan Gənclik Təşkilatının rəhbəri, Bartın Universitetinin tələbəsi Fərid Allahverdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın zirehli texnikası və hərbçilərinin köməyilə xocalılara qarşı kütləvi qırğın törətməsini bəşəri cinayət adlandırıblar.

Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan dövlətlərin olmadığını vurğulayan natiqlər iki ölkənin gənclərinin Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində birgə hərəkət edəcəklərini və müxtəlif silsilə tədbirlər həyata keçirəcəklərini söyləyiblər. Gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olduqlarına və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminlik ifadə olunub.

Tədbir çərçivəsində Bartının mərkəzi prospektlərindən biri sayılan Hükümet Caddesində “Xocalı soyqırımı” adlı rəsm sərgisi təşkil olunub. Xocalı soyqırımının qanlı tarixini əks etdirən foto-sərgi ilə tanış olanlar dəhşətə gəldiklərini etiraf ediblər.

Tədbirdə çıxış edən Bartın Universitetinin nümayəndəsi Melih Bal və digərləri sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan həqiqətlərini çatdırmaq, gənclər arasında milli-vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə keçirildiyini söyləyib.