Manisa ictimaiyyəti Xocalı soyqırımının unutdurulmayacağını bəyan edib

03.03.2020

Türkiyənin Manisa şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə anım mərasimləri keçirilib.

15 İyul – Demokratiya Meydanında gerçəkləşdirilən tədbir Manisa Böyükşəhər Bələdiyyəsi və Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə Böyükşəhər Bələdiyyəsinin nümayəndəsi Ahmet Türkgüler, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Yalçın Taşdemir, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazım Pasha, siyasi partiyaların yerli təşkilatlarının, QHT-lərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə Yalçın Daşdəmir, Əhməd Türkgülər, Mülazım Pasha və digərləri çıxış ediblər. Xocalı soyqımının bəşəriyyət, insanlığa qarşı ən ağır cinayət olduğu, bu dəhşətli hadisələrin heç bir zaman unudulmayacağı və unutdurulmayacağı, soyqırımı qurbanlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağı bildirilib.

Tədbir Manisanın Ülkü Ocaklarının gənc fəallarının "Xocalıya Ədalət" şeirini səsləndirməsi və soyqırımı qurbanlarının ruhuna dualar oxunması ilə başa çatıb.

Tədbir çərçivəsində Xocalı dəhşətlərinin əks olunduğu foto-sərgi təşkil olunub.

Xocalı soyqırımı ilə bağlı daha bir tədbir - konfrans Ülkü Ocaqları Manisa təşkilatı və Beynəlxalq Türkiyə-Azərbaycan Dili, Tarixi və Mədəniyyəti Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransda azərbaycanlı tələbələr də iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad olunduğu konfransda Nəbi Kutay Şən “Qarabağ” şeirini səsləndirib.

Tədbirdə Celal Bayar Universitetinin nümayəndəsi Emin Kırlı, Araşdırma Mərkəzinin rəhbəri Seyfəddin Ayakyay, Ülkü Ocaqları Manisa təşkilatının rəhbəri Nazmi Akçay və Turqutlu rayonunda fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin sədri Ünal Kağba Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Onlar ermənilərin xalqımıza qarşı törətdikləri cinayəti bütün insanlığa qarşı həyata keçirilən vandalizm aktı adlandırıblar. 28 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti tərəfindən bu soyqırıma hüquqi-siyasi qiymət verilmədiyi və qatillərin cəzalandırılmadığı təəssüflə qeyd edilib. Xocalının bütün Türk dünyasının ortaq soyqırımı olduğu və gənclərin bu hadisələri dərindən öyrənməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbir azərbaycanlı tələbələrin Xocalı şəhidlərinin adına səmaya fənərlər uçurmaları ilə yekunlaşıb.

Manisa vilayətinin Turgutlu rayonunda baş tutan anım tədbiri isə Azərbaycan Kültür Dərnəyi təşkil edib. Mərasimdə yerli hakimiyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə dərnək sədri Ünal Kağba və teatr sənətçisi Roza İbadova Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər. Natiqlər bu qanlı hadisələrin unudulmayacağını və unutdurulmayacağını bildiriblər.

Tədbir çərçivəsində Xocalı dəhşətlərinin əks olunduğu foto-sərgi təşkil olunub.