Azərbaycanlı tələbələr Nevşehir və Zonquldaq şəhərlərində anım tədbirləri təşkil ediblər

03.03.2020

Türkiyənin Nevşehir və Zonquldaq şəhərlərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edib.

Nevşehir Hacı Bektaş Veli Universitetində gerçəkləşdirilən tədbirdə müəlllim-tələbə heyəti və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndəsi Vaqif Abışov iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Universitetin 4-cü kurs tələbəsi Orxan Ağaverdiyev çıxış edərək, 28 il öncə baş verən, bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Sonra azərbaycanlı tələbələr Xocalıya həsr olunmuş səhnəcik təqdim ediblər.

Zonquldaq şəhərindəki Bülənt Ecevit Universitetində isə “Xocalı soyqırımı” adlı rəsm sərgisi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, yerli hakimiyyətin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Kültür Cəmiyyətinin və azərbaycanlı tələbələrin təşəbbüsü ilə gerçəkləşdirilən tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən Universitet tələbəsi, Azərbaycan Kültür Cəmiyyətinin rəhbəri İbrahim Şabanov və digər natiqlər erməni silahlı birləşmələrinin 28 il öncə 366-cı motoatıcı alayın ağır texnikası və hərbçiləri ilə birgə Xocalıda mülki azərbaycanlılara qarşı soyqırımı törətmələrini bəşəriyyətə qarşı həyata keçirilmiş ən dəhşətli cinayətlərdən biri kimi səciyyələndiriblər. Xocalı və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı aktının tanınması istiqamətində Azərbaycan dövlətinin yürütdüyü siyasətdən və görülən işlərdən danışılıb.

Qeyd edək ki, sərgidə nümayiş olunmuş rəsm əsərləri Azərbaycan Kültür Cəmiyyətinin üzvləri olan tələbələr tərəfindən çəkilib.