Jitomirdə Xocalı soyqırımı qurbanları yad edilib

03.03.2020

Ukraynanın Jitomir şəhərindəki "Kədərli mələk" abidəsinin önündə "Xocalıya ədalət!" aksiyası keçirilib.

Tədbirdə Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədov və üzvləri, Jitomir vilayət şurasının deputatları İlya Smıçok, Vasili Şevçenko, vilayət dövlət administrasiyasının gənclər və idman idarəsinin rəisi Svetlana Yarmolitskaya, vilayət dövlət administrasiyasının mədəniyyət, gənclər və idman departamentinin dini və millətlərlə üzrə iş sektorunun müdiri Aleksandr Pivovarski, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təmsilçisi, Ukrayna Millətlər Assambleyasının sədr müavini Xəyyam Həqiqətoğlu və soydaşlarımız iştirak ediblər.

Həmrəylik və ölkələrimizin ərazi bütövlüyünün dəstəklənməsi əlaməti olaraq aksiya iştirakçıları əllərində Azərbaycan və Ukrayna bayraqlarını tutublar. Abidənin önünə çiçək dəstələri düzülüb və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı alayın ağır texnikası və hərbçiləri ilə birgə Xocalını işğal etdikləri və dinc azərbaycanlılara qarşı soyqırımı törətdikləri barədə ətraflı məlumat veriblər. Xocalı şəhərindəki faciəli hadisələrlə Ukraynanın şərqində gedən müharibə arasında müqayisələr aparılıb və dost xalqlarımızın bir-birini dəstəkləməsinin vacibliyi vurğulanıb.