Xocalı şəhidləri Parisdə də anılıb

02.03.2020

Paris şəhərinin "Notre-Dame les Blancs-Manteaux" kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Mərasimdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri, Fransa, Almaniya və Belçikada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Tədbirdə səfir Rəhman Mustafayev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Xocalıdan olan məcburi köçkün və hazırda Fransada yaşayan Şahsuvar Mirzəyev çıxış ediblər. Natiqlər Xocalı soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələri, Avropa Şurası Parlament Assambleyasının Xocalı soyqırımına dair bəyanatı və "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə ətraflı məlumat veriblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni hərbçiləri və quldur dəstələri tərəfindən törədilən cinayətlərin yalnız azərbaycanlılara deyil, bəşəriyyətə, insanlığa qarşı yönəldiyi vurğulanıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə həmvətənlərimizə qarşı törədilən qəddarlıqlar, o anların dəhşətləri və məcburi köçkün həyatının acıları haqqında danışılıb.

Sonra Vurğun Vəkilov (piano), Timur Abdikeyev (vokal) və Ağarəhim Quliyevin (fleyta) ifasında “Laçın”, “Sarı gəlin” xalq mahnıları, bəstəkarlar Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Sergey Rahmaninov, Andre Kaple, Qara Qarayev və Fərhad Bədəlbəylinin əsərləri təqdim olunub.