Londondakı Azərbaycan evində anım tədbiri keçirilib

28.02.2020

Böyük Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən Azərbaycan evində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə diasporunun, eləcə də digər dost diasporların üzvləri, yerli ictimaiyyətin təmsilçiləri və tələbələr iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycan evinin sədri Əli Tekin Atalar, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə və britaniyalı jurnalist Neil Vatson çıxış ediblər.

Natiqlər bildiriblər ki, 28 il öncə erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımı bir çox ölkələrin parlamentləri tərəfindən kütləvi qırğın, bəşəriyyətə qarşı cinayət kimi qəbul olunub. Xocalı soyqırımı XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri, Azərbaycan xalqına qarşı törədilən böyük ədalətsizlik adlandırılıb. Qarabağ münaqışəsi zamanı bir milyona yaxın insanın öz torpaqlarından didərgin düşdüyü, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalının qəbuledilməz olduğu, cinayətkarların Beynəlxalq Məhkəmə qarşısında cavab verməsinin və mühakimə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonra Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib. Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun ifası ilə yekunlaşıb.