Xocalı soyqırımına görə Ermənistan səfirliyinə etiraz bildirilib

27.02.2020

Fevralın 26-da Haaqa şəhərində Ermənistanın Niderlanddakı səfirliyinin önündə etiraz aksiyası keçirilib.

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş aksiya bu ölkədə fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən təşkil olunub. Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin qatıldığı piketdə ermənilərin Xocalıda törətdikləri amansız qətliam pislənilib.

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, Xocalı faciəsinin şəkilləri əks olunmuş poster və plakatlar tutan etirazçılar müxtəlif dillərdə “Xocalıya ədalət!”, "Xocalı qurbanları əbədi yaşayacaqdır!", “Qarabağ Azərbaycandır!”, “Ermənilər, Qarabağdan rədd olun!” və digər şüarlar səsləndiriblər. Ədalətin mütləq zəfər çalacağına, Xocalı soyqırımı kimi dəhşətli cinayəti törədənlərin bir gün cəzalandırılacağına və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını tərk edəcəklərinə əminlik ifadə olunub.

Sonda Ermənistan səfirliyinə petisiya təqdim olunub.