Gürcüstanda Xocalı soyqırımı insanlığa qarşı törədilən cinayət adlandırılıb

27.02.2020

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutan mərasimi ölkəmizin Gürcüstandakı səfirliyi, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM), “Azərkitab” kitab mərkəzi və muzey birgə təşkil edib.

Mərasimdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov, Mahir Dərziyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və diplomatik korpusun əməkdaşları, ictimaiyyətin tanınmış nümayəndələri, azərbaycanlı və gürcü gənclər iştirak ediblər.

Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Cəmilağa Ağayev və başqaları çıxış ediblər.

Natiqlər Xocalı soyqırımını xalqımızın tarixində ən ağır faciələrdən biri kimi səciyyələndirərək, bunu insanlığa qarşı törədilən aşkar cinayət adlandırıblar. Ermənistan silahlı birləşmələrinin qeyri-insani əməlləri barədə təkzibolunmaz faktların olduğu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının genişləndiyi, gələcəkdə Gürcüstan parlamentinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağına ümid edildiyi vurğulanıb.

Tədbirdə pianoçu Rasim Pirməmmədov və kamança ifaçısı Şəbnəm Hüseynlinin müşayiəti ilə ədəbi-musiqili kompozisiya nümayiş etdirilib, GAİM tələbələri "Mən Xocalılıyam" sözləri ilə Azərbaycan və gürcü dillərində soyqırımı faktlarını səsləndiriblər.

Tədbir Xocalı soyqırımından bəhs edən “Bitməyən əzab” filminin nümayişilə yekunlaşıb. Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş fotoşəkillər və kitablar sərgilənib.