Kiyevdəki müzeydə Xocalı soyqırımı qurbanları yad edilib

27.02.2020

Fevralın 26-da Kiyevdəki Qıtlıq ("Qolodomor") soyqırımı Milli muzeyi memorial kompleksində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) təşkil etdiyi tədbirdə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun katibi İvan Slobodyannik, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Ukraynanın yanacaq və energetika nazirinin keçmiş müavini Burzu Əliyev, tarix elmləri doktoru, professor Fərhad Turanlı, UABD rəhbəri Hikmət Cavadov, Ukraynada yaşayan soydaşlarımız və yerli ictimai xadimlər iştirak ediblər.

Tədbirdə H.Cavadov, T.Əliyev və başqaları çıxış ediblər. Bildirilib ki, Xocalı soyqırımının ildönümündə bu məkanın seçilməsi təsadüfi olmayıb. Ukraynada yaşayan azərbaycanlılar Qıtlıq soyqırımının günahsız qurbanlarının əziz xatirəsini yad etməklə 28 il öncə böyük faciəni yaşamış xalqımızın ukraynalıların dərdinə şərik olduğunu, xalqlarımızı həm də ümumi ağrının, tarixin oxşar qanlı səhifələrinin birləşdirdiyini nümayiş etdirirlər. Natiqlər gələcəkdə bu cür faciələrin təkrarlanmaması naminə hadisələri unutmamağın əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, 1932-1933-cü illərin Qıtlıq dönəmi bəşəriyyət əleyhinə ən qorxunc cinayətlərdən biri hesab olunur. Bu dəhşətli cinayətin qurbanlarınn ümumi sayının 8 milyona çatdığı, onların yarısının 6 aylıqdan 17 yaşadək insanlar olduğu bildirilir.