Qazaxıstan mediasında Xocalı soyqırımından bəhs edilib

27.02.2020

"Avrasiya xəbərləri" beynəlxalq xəbərlər agentliyinin ("EurasiaNews International News Agency") saytında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş məqalə dərc olunub.

Qazaxıstanlı jurnalist Nurgali Jusipbayın müəllifi olduğu məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçilərinin köməyilə Xocalıya hücum etdikləri və dinc azərbaycanlılara qarşı kütləvi qırğın törətdikləri yazılıb. Müəllif xatırladıb ki, Ermənistanın baş naziri olarkən Serj Sarkisyan "Qara bağ" kitabının müəllifi Tomas de Vaala müsahibəsində "Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağı bacarmırlar. Biz bu stereotipi sındıra bildik" etirafını dilə gətirməklə bu dəhşətli cinayəti törətdiklərini etiraf edib.

Məqalədə Xocalıya hücumda iştirak edən rus hərbçiləri V.Savelyev və Y.Romanovun ifadələrindən sitatlar gətirilib, Xocalı hadisələrinin əsl soyqırımı olduğu bildirilib.

Məqaləni tam şəkildə bu linkdən oxumaq olar: https://ea-news.kz