Kazanda Xocalı soyqırımının 28-ci ildönümü piketlə yad edilib

27.02.2020

Tatarıstanın paytaxtı Kazan şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş fərdi piketlər keçirilib.

"Azadlıq" tatar gəncləri birliyinin lideri Nail Nabiullin və fəalı Fanil Gilyazov bu qədim şəhərin Bauman küçəsində fərdi piketlərə çıxıblar. Gənclər əllərində "26 fevral – Xocalı soyqırımı qurbanlarının anım günüdür! Qardaş azərbaycanlılar, tatar xalqı sizinlə birlikdə kədərlənir!" sözləri yazılmış plakat tutublar.

Onlar qeyd ediblər ki, bu addımla qardaş Azərbaycan xalqının böyük kədərinə şərik olurlar: "Bu dəhşətli cinayət çoxsaylı günahsız insanın, azərbaycanlı qardaşlarımızın həyatına son qoyub. Bu faciəni biz öz faciəmiz kimi qəbul edirik. Azərbaycanlı qardaşlarımıza dəstəyimizi bəyan edirik. Sizin ağrınız bizim də ağrımızdır! Axı biz eyni kökə malik xalqlarıq – türkük!".

Qeyd edək ki, "Azadlıq" tatar gənclərinin birliyi 9 ildir ki, Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müxtəlif aksiyalar təşkil edir.