Bişkəkdə Xocalı soyqırımının qurbanları yad edilib

27.02.2020

Qırğızıstanın paytaxtı Bişkək şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə ölkə parlamentinin üzvləri, diplomatik korpusun, yerli ictimaiyyətin, "Azəri" ictimai birliyinin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, müqəddəs Quran kitabından ayələr oxunması ilə başlayıb. Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstan Joqorku Keneşinin (parlament) deputatı, Azərbaycan–Qırğızıstan dostluq qrupunun rəhbəri Tazabek İkramov, "Lina" firmasının baş direktoru Qiyas Xəlilov, ehtiyatda olan polkovnik Turusbekov Çolponbek, “AzVirt Qırğızıstan” şirkətinin direktoru Çingiz Baxişev, Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova, “Azəri” İctimai Birliyinin prezidenti Əzizağa Əliyev, Qırğızıstan Prezidenti yanında Əfv üzrə Komissiyanın üzvü Aydın Alaferdov çıxış ediblər. Natiqlər XX əsrin dəhşətli soyqırımları ilə eyni sırada dayanan Xocalı faciəsi barədə fikirlərini bölüşüblər, bu faciəni törədən erməni cinayətkarları pisləyiblər, soyqırım barədə dünya ölkələrinin mütəmadi şəkildə məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Xocalı soyqırımının dəhşətləri, faciə nəticəsində xalqımıza vurulan maddi-mənəvi zərərlər, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin indiyədək icra olunmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin qətiyyətli çıxışından, Ermənistanın baş nazirinin əsassız və faktlara söykənməyən yalanlarından bəhs edilib.

Umummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin Хоcalı soyqırımına siyasi-hüquqi qiymət verdiyi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanıldığı, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsində artıq dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların Xocalı faciəsinin soyqırımı olması faktını tanıdığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlərin keçirildiyi bildirilib.
Tədbir çərçivəsində "Təcavüz qurbanları" adlı foto-sərgi təşkil olunub.