Sinan Oğan: "Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər"

26.02.2020

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan erməni vandalları tərəfindən Xocalıda törədilənləri bəşəri cinayət və soyqırımı aktı alandırıb.

O, qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı insanlıq əleyhinə cinayət olaraq, düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirilib.

Sabiq millət vəkili “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasını yüksək qiymətləndirərək, qeyd edib ki: “Xocalıda baş verənlər təkcə Azərbaycan xalqını deyil, bəşəriyyəti, insanlığı hədəfə alan ağır cinayətdir. Xocalı soyqırımını törədənlər cəzasız qala bilməzlər. Türkiyə və Azərbaycan olaraq bütün vasitələrdən istifadə edərək, Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına nail olmalıyıq. Xocalı soyqırımını törədənlər nəyin bahasına və nə vaxt olursa-olsun mütləq ədalət məhkəməsi qarşısına çıxarılacaqlar".