"Sonsuz dəhliz" filmi İsveç İTV-də yayımlanacaq

12.02.2020

Fevralın 26-da İsveçin Açıq İctimai TV-də Xocalı soyqırımına həsr olunmuş "Sonsuz Dəhliz" sənədli filmi göstəriləcək.

"Azerbajdzjansk TV"nin saat 21:30-da isveçli tamaşaçılara təqdim edəcəyi filmin prodüsserləri litvalı rejissor Aleksandras Brokas və "Grammy Award" mükafatçısı Cerald Rafşundur. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmışdır. Filmin süjeti real hadisələr, cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözləri ilə görmüş insanların xatirələri əsasında qurulub.

Filmin ilk təqdimatı 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. Subtitrləri müxtəlif dillərə tərcümə edilən film İstanbul, Ankara, Roma, Vilnüs, Paris, Dublin, Berlin, Bern şəhərlərində də təqdim olunub.

Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi filmin göstərilmə haqqını "Azerbajdzjansk TV"yə verdiyi üçün rejissor Aleksandras Brokasa minnətdarlığını bildirib.