İsveçdə "Can Qarabağ" sənədli filmi təqdim edilib

10.02.2020

Stokholmda azərbaycanlı rejissor Rəhim Sadıqbəylinin “Can Qarabağ” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

Mərasimdə bu ölkəyə səfər edən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, "Qarabağ" rəqs qrupunun üzvləri və onların valideynləri, diaspor fəalları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəsilə gerçəkləşmiş ekran əsərinin təqdimatından öncə İsveç-Azərbaycan Dərnəyinin (SAF) rəhbəri Sevda Dadaşova, rejissor Rəhim Sadıqbəyli və müəllimlər rəqs qrupunun fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd edilib ki, “Qarabağ” uşaq milli rəqs qrupu mədəniyyətimizi İsveçdə tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Azərbaycan həqiqətləri haqqında məlumatların yayılmasında da fəal iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsi adından çıxış edən Səlhət Abbasova SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupunun kollektivini bu əlamətdar hadisə münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.

“Qarabağ” rəqs qrupunun yaranması, fəaliyyəti və Avropada qazandığı uğurlardan bəhs edən “Can Qarabağ” filmi iştirakçılar tərəfindən böyük maraqla izlənilib.