Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək

04.02.2020

Diasporla İş üzrə Dövlət Komitəsi irimiqyaslı layihələrindən olan diaspor gənclərinin növbəti yay düşərgəsinə hazırlaşır.

“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyən gənclərin artıq qeydiyyatına başlanıb. Yay düşərgəsi bu il iyulun 12-dən 19-na qədər Qusar şəhərində keçiriləcək.

Düşərgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunur.

Komitə artıq diaspor gənclərinin iki yay düşərgəsini uğurla həyata keçirib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələri bu mühüm platforma ətrafında bir araya gələrək Azərbaycanla daha yaxından tanış olub, eyni zamanda şəbəkələşmək imkanı qazanıblar.

Hər il olduğu kimi bu il də düşərgədə yaşı 18 ilə 29 arasında olan, Azərbaycan dilində ünsiyyət qurmağı bacaran gənclər iştirak edə bilərlər. Əvvəlki düşərgələrdə olduğu kimi Diaspor Gənclərinin III Yay Düşərgəsində də iştirak ödənişsizdir.

“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyənlər bu linkə daxil olaraq müraciət forması və düşərgədə iştirak şərtlərini öyrənə bilərlər: http://diaspor.gov.az/qeydiyyat/