Texas ştatında “Musiqi körpüsü" adlı konsertlər təşkil edilib

27.01.2020

ABŞ-ın Texas ştatının Arlinqton, Stivenvild və Uiçito-Fols şəhərlərindəki I birləşmiş metodist kilsəsində, Tarleton Dövlət Universitetində və Orta Qərb Dövlət Universitetində “Musiqi körpüsü” adlı konsertlər keçirilib.

Yanvarın 19-dan 23-dək gerçəkləşdirilən tədbirlər Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşkilatçılığı ilə baş tutub.

Konsert proqramı klassik və avanqard Amerika bəstəkarları Elliot Karterin "Catenaires", Corc Krambın “Makrokosmos”, David Loebin "Sonata Lirica", Kevin Deyin "Gymnopedie", Azərbaycanın məşhur bəstəkarları Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Vals” və Xəyyam Mirzəzadənin fortepiano pyesi, eləcə də gənc bəstəkar Türkər Qasımzadənin məxsusi olaraq bu tədbirlə bağlı klarnet və fortepiano üçün yazdığı "Seen when night is silent" (“Gecə sakit olanda görünür”) əsərlərindən ibarət olub. Soydaşımız ingilis-amerikan mənşəli şair U.H.Odenin poeziyasından bəhrələnərək, hər iki musiqi aləti üçün “müasir ifaçılıq texnikası”nı, o cümlədən fortepiano simlərinin səsinin alınması, metal cihazlarda ifa, multi-fonika texnikasını özündə birləşdirən pyes yaradıb. O, əsəri azərbaycanlı pianoçu Humay Qasımzadə və tanınmış amerikalı klarnet ifaçısı Uilyam Heyterin duetinə həsr edib.

Qeyd edək ki, tanınmış musiqiçilərin qatıldıqları konsertdə Azərbaycanı pianoçu Humay Qasımzadə təmsil edib. O, Nyu-Yorkdakı Manhetten musiqi məktəbinin məzunudur və hazırda Ohayo ştatında “Bowling Green” Dövlət Universitetində müasir fortepiano ifaçılığı üzrə doktorluq dərəcəsi üzərində işləyir. Uilyam Heyter isə Uiçito-Fols şəhərindəki Orta Qərb Universiteti nəzdində musiqi kafedrasının dosentidir.

Xatırladaq ki, AAMF Şimali Amerika ilə Azərbaycan arasında mədəniyyətlərarası münasibətlər, musiqi körpüləri qurması və inkişaf etdirməsi ilə tanınır. Fondun banisi və icraçı direktoru Cəmilə Cavadova-Spitsberq bildirib ki, qurumun əsas missiyası iki ölkənin klassik musiqisini qarşılıqlı olaraq ABŞ və Azərbaycanda təbliğ etməkdir.