Qazaxıstanın bir sıra vilayətlərində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

22.01.2020

Qazaxıstanın Aktau şəhərində, Mangistau, Qərbi-Qazaxıstan, Aktyubinsk və Atırau vilayətlərində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Aktauda keçirilən mərasimdə ölkəmizin bu şəhərdəki Baş konsulu v.i.e. Elmar Məmmədov, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, Türkiyənin, Özbəkistanın Aktau şəhərindəki Baş konsulları Müzəffər Akyıldırım və Norjan Turqunov, İran İslam Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun nümayəndəsi, azərbaycanlı iş adamları, “Dağıstan”, “Vaynax”, "Belarus”, “Samur”, "Dunqane” etnik-mədəni cəmiyyətlərinin rəhbərləri Y.A.Şaxşayev, Ruslan Baxmatqereyev, Qalina Hüseynova, Hacı Səlimov, Roza Səlimova və digərləri iştirak ediblər.

Mərasimdə E.Məmmədov, Ş.Hüseynov, M.Akyıldırım, Y.A.Şaxşayev, H.N.Səlimov, R.Həsənov çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışıblar, SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı aparılmış yolverilməz siyasətin nəticəsi olan qırğını kəskin şəkildə pisləyiblər.

Mangistau vilayətində yaşayan gənc azərbaycanlılar və tələbələrlə birlikdə Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun inzibati binasında gerçəkləşdirilən anım tədbirində isə ölkəmizin Aktaudakı Baş konsulu v.i.e. Elmar Məmmədov 20 Yanvar hadisələri, həmin dönəmdə ermənilərin dəstəyi ilə SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz, ulu öndər Heydər Əliyevin anti-Azərbaycan qüvvələrinə qarşı mübarizəsi və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Gənclərimizə Azərbaycan tarixini dərindən öyrənmək, milli-mədəni dəyərlərimizi unutmamaq, müstəqillik yolunda özlərini qurban vermiş şəhidlərimizə daim hörmətlə yanaşmaq tövsiyə olunub.

Qərbi-Qazaxıstanın Uralsk şəhərində “Birlik” milli-mədəni cəmiyyəti ilə birlikdə təşkil olunmuş tədbirdə Baş konsul v.i.e. Elmar Məmmədov, “Birlik” milli-mədəni cəmiyyətinin rəhbəri Nəcəf Məmmədov, Uralsk şəhərində yaşayan azərbaycanlılar, qazaxlar, azərbaycanlı və türk iş adamları iştirak ediblər.

Mərasimdə E.Məmmədov və N.Məmmədov çıxış edərək, 30 il öncə Bakıda və Azərbaycanın digər şəhərlərində SSRİ rəhbərlərinin xalqımızın azadlıq ruhunu sarsıtmaq məqsədilə həyata keçirdikləri dəhşətli qətliam barədə ətraflı danışıblar.

Aktyubinsk vilayətinin Aktöbe şəhərində keçirilən anım tədbirində Baş konsul v.i.e. E.Məmmədov, “Azərbaycanlılar Birliyi”nin rəhbəri Şahbaz Camalov, “Svətlo”, “Şalom”, “Vyagro” etnik-mədəni cəmiyyətlərinin rəhbərləri Yelena Tsibulskaya, Polina Savistskaya, Anastasiya Podalena, Qazaxıstanın Xalqlar Assambleyasının mütəxəssisi Janar Koyşıbekova və bədii rəhbəri Aymurat Majikbayev, Aktyubinsk "Mübarizə Qardaşlığı" regional fondunun təsisçisi Qumer Qaleyev və Aktöbedə yaşayan azərbaycanlılar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə E.Məmmədov, Ş.Camalov və P.Savitskaya çıxış edərək, 30 il öncə sovet rejiminin xalqımızın başına gətirdiyi dəhşətli faciədən danışıblar. Tədbir iştirakçıları Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləmə siyasətini pisləyiblər.

Atırau vilayətində diaspor üzvlərimizlə birlikdə təşkil edilən anım mərasimində baş konsul v.i.e. Elmar Məmmədov, “Novruz” milli-mədəni cəmiyyətinin rəhbəri Eldar Əhmədov və başqaları çıxış edərək, Azərbaycan tarixinə qanlı və şanlı səhifə kimi düşmüş həmin günləri xatırladıblar. Qeyd edilib ki, SSRİ rəhbərliyinin xalqımızın başına gətirdiyi bu fəlakət və şəhidlərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaq.

Tədbirdə Atırau vilayətində yaşayan Qazaxıstan vətəndaşı, milliyətcə azərbaycanlı, X.Dosmuhambetov adına Atırau universitetinin III kurs tələbəsi Flora Sarayeva azərbaycanlı şairlər Bəxtiyar Vahabzadənin və Mikayıl Müşfiqin şeirlərini söyləyib.

Bütün tədbirlərdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar faciəsinə həsr olunmuş “Qara Yanvar” sənədli filmi və həmin dəhşətləri əks etdirən foto-sərgi nümayiş olunub, şəhidlərimizin ruhuna dualar oxunub.