Misir mətbuatı 20 Yanvardan bəhs edib

21.01.2020

Misirin shbabalnil.com saytında “Qara Yanvarda Azərbaycanın azadlığı uğrunda qurbanlar” sərlövhəli məqalə dərc olunub.

Məqalənin müəllifi, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Məqalədə vurğulanıb ki, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Diaspor rəhbəri bildirib ki, Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasəti misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapıb.

Məqalədə 20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilib.

Müəllif onu da qeyd edib ki, insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyi hələ də göz yumur və qanlı hadisələrdən 30 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır və faciəni törədənlərin ədalət mühakiməsi qarşısına çıxarılacağı günü gözləyir.